Sui-qəsd xaricdən təşkil edilib – Öldürülən rus səfirin Türk dostundan sensasiyalı açıqlamalar

21 Aralık 2016, 11:58

Türkiyədə sui-qəsd nəticəsində öldürülən Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovu şəxsən tanıyan, onunla dostluq münasibətləri olan İldırım Beyazit Universitetinin professoru, doktor Saleh Yılmaz silahlı hücumla bağlı “Eurasia Diary”nin suallarını cavablandırıb.

Eurasia Diary: Bildiyimiz qədəri ilə səfir Andrey Karlovu yaxından tanıyırdınız. Onun haqqında nələri deyə bilərsiniz?

Salih Yılmaz: Qətlə yetirilmiş səfir daha əvvəl Şimali Koreyada xidmət edib. Bundan sonra Türkiyəyə səfir təyin edildi. 3 il əvvəl bura gələndə onunla ilk tanış olan şəxslərdən biri mən idim. Fərqli şəxsiyyətə malik insan idi. Yəni, digər rus səfirləri kimi deyildi. Çox sosial bir insan idi. Müxtəlif tədbirlərə, dəvətlərə qatılan, insanlarla ünsiyyəti yaxşı quran və gülərüzlü biri idi. Türkiyə haqqında müsbət düşüncələrə malik idi. Rusiya ilə münasibətlərin normallaşmasında xüsusi səylərinin olduğunu bilirəm. Hələbdəki müxalifət qüvvələri ilə danışıqlar aparmağa çalışırdı. Ankarada Rusiya diasporasını qoruyan və dəstək olan bir şəxsiyyət olduğunu söyləyə bilərəm.

Eurasia Diary: Əldə etdiyimiz məlumata görə, Siz səfirin öldürüldüyü sərgiyə gedəcəkdiniz, lakin getmədiniz. Hadisə necə oldu, niyə getmədiniz?

Salih Yılmaz: Rus və Türk fotoqrafların Rusiyanın fərqli bölgələrini və insanlarını əks etdirdiyi foto sərgi keçirilirdi. Sərgi salonu onsuz da, ABŞ səfirliyinə yaxın ərazidə olduğundan, təhlükəsizlik baxımından da qorunan bir yer idi. O sərgiyə mən də gedəcəkdim. Lakin başqa bir tədbirdə iştirak etdiyimə görə sərgiyə gedə bilmədim. “Qismət” deyə bilərik. Tədbir tez qurtarsaydı, mən də o sərgiyə gələcəkdim.

Eurasia Diary: Hadisənin təxribat olması ilə bağlı müxtəlif söz-söhbətlər var. Xarici işlər nazirlərinin görüşü ərəfəsi idi. Eyni zamanda, hadisə Putinin 1828-ci ildə öldürülən səfir Qriboyedov ilə əlaqədar bir teatr tamaşasına baxdığı an olub.

Salih Yılmaz: Putinin teatra getməsi bir təsadüf ola bilər. Lakin bunu qeyd edə bilərəm ki, bu sərgnin təşkil ediləcəyi bir neçə gün əvvəl elan edilmişdi. Rus səfirinin sərgiyə gələcəyi əvvəldən bilinirdi. Qatilin bu qətli planlı təşkil etdiyini söyləmək mümkündür. Təcavüzkar bu hərəkəti tək həyata keçirə bilməzdi. Ona mütləq başqaları kömək edib. Onsuz da qatilin yeni bir polis məmuru olduğu və FETO-çu olması da diqqət çəkicidir. Bu baxımdan diqqət etdikdə, beynəlxalq güclər bir sıra vasitələrdən istifadə edərək dünyanın müxtəlif bölgələrində qarşıdurma yaradırlar. Belə hadisələrin Türkiyədə baş verməsinin səbəbi Türkiyənin Şərq ilə Qərb arasında əhəmiyyətli bir nöqtədə yerləşməsidir. Hədəflərdə müəyyən bir tarazlıq var. Lakin Qərb çalışır ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələri korlasın. Daha əvvəl Obamanın etdiyi bir şərh var. Bu şərhdə iki amil diqqət çəkir. Birinci müsahibədə Türkiyənin çox böyük bir ordusunun olduğunu və bu ordunun Suriyada istifadə edilməməsinin əksiklik olduğunu dilə gətirməsi bizə bəzi ipucları verir. Bu müsahibədə Türkiyəyə qarşı narazılığın olduğunu görürük. İkinci müsahibədə isə Rusiyanın zənn edildiyi qədər güclü bir ölkə olmadığını vurğulayaraq neft, təbii qaz və silahdan başqa istehsalının olmadığını qeyd edir. Biz bunu anlaya bilərik: ABŞ-ın Rusiyaya qarşı Yaxın Şərqdə mövqeyini itirməsi onu müxtəlif vasitələrə əl atmağa vadar edib. Çünki artıq Suriya məsələsində ABŞ-ın heç bir çəkisi yoxdur. Bölgədəki hadisələr ABŞ-a qarşı yönəlir və bu da onu hiddətləndirir. ABŞ-ın Rusiyanın yaxın ətrafında və Şərqi Avropada uzun müddət ərzində hazırladığı planlar Türkiyənin siyasəti ilə üst-üstə düşür. Belə də düşünmək olar ki, Avropa Birliyi ölkələri və ABŞ-ın göstərdiyi cəhdlər nəticəsində Rusiya, İran və Çinin Avropaya açılan qapıları bağlanıb. Ukraynadakı böhranla birlikdə bütün ticarət yolları bağlanıb. Baltik ölkələrində Rusiya qorxusu və təhlükəsizlik problemi olduğuna görə, NATO əsgərlərini yerləşdirdi. İndi Rusiyanın, İranın və Çinin Avropaya yolları Türkiyədən keçir. Türkiyə də təyyarə hadisəsi ilə əlaqədər ticarət yollarını bağlamışdı. Lakin necə oldusa, Rusiya və İsrail ilə əlaqələrin normallaşması bütün tarazlıqları alt-üst etdi. O zaman Putin və Ərdoğan Sankt-Peterburqda görüşməliydilər, amma görüşdən əvvəl FETO çevirlişə cəhd etdi. Əgər FETO–nun çevriliş cəhdi uğurlu alınsaydı, o görüş reallaşmayacaqdı və Rusiya-Türkiyə əlaqələri normallaşmayacaqdı.

Eurasia Diary: Bu hadisədə Amerikanın barmağı ola bilərmi?

Salih Yılmaz: Bu hadisədə bir ölkənin adını çəkmək doğru olmaz. Onsuz da bu hücumu təşkil edənlər elə planlamışlar ki, əsl günahkarı göstərəcək sübut qalmasın. Nəticədə hücumda hansı vasitədən istifadə edilmişsə cinayət də onun üzərində qalır. Lakin belə deyə bilərik: bu hücumu reallaşdıran təcavüzkarın əlaqəli olduğu təşkilat və ya təşkilatlar demək olar ki, başqa bir ölkəyə işləyə bilər. Ancaq ilk işarələr göstərir ki, bu hadisə xaricdən təşkil edilib, fərdi bir hücum deyil. Çünki bu plan üzərində hazırlanmış bir hücumdur. Buna görə də bir ölkəni günahlandırmaq doğru olmaz, lakin güclü dəlillər var. Gözləyək və hər şey ortaya çıxacaq.

Kaynak: http://eurasiadiary.com/az/news/interview/93040-sui-qesd-xaricden-teskil-edilib

YENİ HABERLER

YORUMLAR

Henüz hiç yorum yapılmamış.

YENİ HABERLER

Copyright © 2024. Rusen.Org | Ankara Türkiye