Rusiya tarixi arzusuna qovuşdu – Tartus müqaviləsi NATO-nu ‘‘oyada biləcək’’?

23 Ocak 2017, 11:12

Suriyanın Tartus limanındakı hərbi bazanın 49 il müddətinə Rusiyaya icarəyə verilməsinə dair müqavilə imzalanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya ilə Rusiya arasında yanvarın 18-də imzalanmış müqaviləyə əsasən, icarədar bu müddət ərzində yerli qanunvericiliyin nəzərdə tutduğu bütün məsuliyyətlərdən azad olur və hərbi bazanı modernləşdirməklə bağlı öhdəlik götürür. İmzalanmış bu müqaviləni şərh edən Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədr müavini bildirib ki, saziş qısa vaxt ərzində ratifikasiya olunaraq qüvvəyə minəcək. Onun fikrincə, bu müqavilə Rusiyanın geopolitik oyunçu qismində yenidən Yaxın Şərqdə möhkəmlənməsinə səbəb olacaq. Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov isə Tartus hərbi bazasının icarəyə götürülməsində məqsədin Aralıq dənizindəki Rusiya hərbi gəmilərinə xidmət göstərilməsi olduğunu deyib.

Rusiyanın Aralıq dənizindəki uzunmüddətli mövcudluğunu Türkiyənin maraqları prizmasından şərh edən Ankara “Yıldırım Beyazıt” Universitetinin professoru Salih Yılmaz Yeniçağ.Az-a açıqlamasında bildirib ki, yaranmış vəziyyət NATO-nu adekvat tədbirlərə sövq etməlidir:

“Qeyd edim ki, Rusiyanın Tartus hərbi bazasını icarəyə götürməsi SSRİ dönəmində Suriya ilə imzalanmış müqavilələr əsasında gerçəkləşdirilib. Qarşıdakı dövrdə Rusiyanın bu hərbi bazanı daha da genişləndirməsi, müasirləşdirməsi nəzərdə tutulur. Təbii ki, Rusiyanın Tartusda möhkəmlənməsi, oradakı hərbi bazada raket batareyaları yerləşdirməsi NATO üzvü olan Türkiyəni narahat etməyə bilməz. Çünki bu halda Türkiyə həm Krım, həm Tartus, həm də Ermənistanda yerləşdirilmiş raketlərin əhatəsində qalır. Əgər müharibə şəraiti yaranarsa Türkiyə birbaşa hədəfdə olacaq.

Ona görə də Rusiyanın Tartusu rəsmən icarəyə götürməsindən sonra NATO-nun Türkiyə sərhədlərini möhkəmləndirəcəyini düşünə bilərik. Digər tərəfdən, əgər Türkiyə-ABŞ münasibətlərindəki gərginlik aradan qaldırılmazsa, Türkiyə-Rusiya münasibətləri daha da dərinləşəcək. O halda Türkiyə ilə Rusiya regionda bir-birilərinin maraqlarını nəzərə alaraq, hərəkət etməli olacaqlar”.

A.Zeynalov
Yeniçağ.Az

Kaynak: http://yenicag.az/rusiya-tarixi-arzusuna-qovusdu-tartus-muqavilesi-nato-nu-oyada-bilecek/

YENİ HABERLER

YORUMLAR

Henüz hiç yorum yapılmamış.

YENİ HABERLER

Copyright © 2024. Rusen.Org | Ankara Türkiye