Növbəti qurultayı Təbriz şəhərində etmək istəyirik

8 Mart 2016, 11:52

“Növbəti qurultayı Təbriz şəhərində etmək istəyirik”, Salih Yılmaz

 Ankara İldırım Bəyazid Universitetinin professoru Salih Yılmazla müsahibə

– Salih bəy, bizim söhbətimiz əsasən qarapapaqlardan olacaq. Çünki sizin haqqınızda oxuduğum məqalələrdən gördüm ki, elmi araşdırmalarınız daha çox qarapapaq türkləri üzərində köklənib. Bu tədbirlərdə də fəal iştirak edirsiniz. Eyni zamanda, tədqiqatlarınız qarapapaqların olduğu hər yeri əhatə edib. Birinci ondan başlayaq: qarapapaqlar kimlərdir?

– Qarapapaqlar kimlərdir? Əslində qarapapakların tarixinə dair geniş bir araşdırma yoxdur. Daha çox şifahi qaynaqlardan istifadə edirik. Lakin qarapapaqların daha çox oğuz boylarından gəldiyi, Gürcüstanda olduqları müddət içərisində qıpçaqlarla müəyyən bir qarışıq içərisində yaşadıqları, orada öz bütünlüklərini təmin etdikləri, adlarının də Gürcüstanın Borçalı bölgəsində qarapapaq-tərəkəmə olaraq adlandıqları məlumdur. Bunlara niyə qarapapaq-tərəkəmə deyilir? Bilirsiniz, türklərin bir çox boyu “şapka”, sərpuş, Azərbaycan türkcəsində desək, papaq qoyurlar. Bu ad bunlara başlarındakı qara papaqlara görə verilib.

– İran hakimiyyətinə girdikdən sonra Azərbaycan və ətrafının bir qismində olan qarapapaqlar Şah İsmayıl və ondan sonra Abbas Mirzə dövrlərində sürgün edilirlər Gürcüstan və ətrafındakı Osmanlı sərhədlərınə. O bölgədə xalq bunları vətənlərini tərk edənlər, tərk edilənlər mənasında tərəkəmə adlandırır. Bu adı sonradan gələnlər də alır. Biz tarixçilər tərəkəmə adını bu şəkildə qiymətləndiririk.

– Alimlərin bir çoxu qarapapaqların qıpçaq, bir çoxu isə oğuz boylarından gəldiyini söyləyir. Siz isə onları Oğuz-Qıpçaq olaraq birlikdə dediniz. Sizcə, qarapapaqlar bunlardan tam olaraq hansına aiddir?

– Oğuz-qıpçaq niyə deyirik? Bunlar oğuz-avşarlarla qarışmışlar. Gürcüstan bölgəsində, xüsusilə, kralica Tamara zamanı bölgəyə qıpçaq əsgərlər gətirilir. Onların bir qismi Gürcüstan bölgəsində qalır. Oğuz boyları qarapapaqlarla, ahıskalılarla Gürcüstan sərhədlərində yaşayarkən bölgədə qıpçaqlarla da qız alıb-vermə, qohumluq əlaqələri, eyni bölgələrdə yaşamaları səbəblərinə görə qarışmışlar. Nəticə etibarilə qıpçaqların təsiri olsa da, bunlara tamam “qıpçaqdır” deyə bilmirik. Çünki ənənələri, mədəniyyətlərinə dair oğuzlara dair çox önəmli nümunələr var. Əslində qarapapaqların çoxu özünə Azərbaycan türkü deyir və Azərbaycan türkcəsində danışır.

– Bilirsiniz ki, yay aylarında Borçalı bölgəsində böyük bir şənlik olur. Bu bölgədə yaşayan, Azərbaycandan, Ahıska bölgəsindən gələn və bütün Gürcüstan türkləri burada iştirak edir. Bununla da Gürcüstan içərisindəki qarapapaqların, tərəkəmələrin Azərbaycanla, Azərbaycanın Qazax bölgəsindəki qarapapaq-tərəkəmə qardaşlarıyla bağları getdikcə güclənir. Azərbaycanın da bölgədəki fəaliyyəti, qardaş türk boylarıyla ünsiyyəti artırması, Azərbaycan türklüyü kimliyi üzərində bunları tək bir dam altında toplaması, qarapapaqların mədəniyyət və ənənələrini yaşatmasına yardım etməsi əhəmiyyətli bir qazancdır.

– Saleh bəy, bilirsiniz ki, Azərbaycanda da qarapapaqlarla əlaqədar tarixi araşdırmalar var. Bizim tarxiçilər bu sahə ilə uzun illərdir məşğuldur. Qarapapaqlar hər zaman tariximizin ayrılmaz bir parçası olub. Eyni zamanda, İran – Cənubi Azərbaycanda da, bildiyiniz kimi, çox sayda qarapapaq var. Sürgün edildikləri üçün dünyanın bir çox ölkəsinə yayılmışlar, xüsusilə də Azərbaycan, Türkiyə, İran torpaqlarına. İstər Azərbaycan Respublikasında, istər İranda olan hansı qarapapaq alimlərini tanıyırsınız? Yəni ortaq çalışırsınızmı?

– Təbii ki, alimlərlə biz iş birliyi və ünsiyyət şəklində əlaqədə oluruq. Qarapapaq-tərəkəmələrin dünyada bir milyon ətrafında olduqları düşünülür. Bunların ən böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və bir qisimi də Ukrayna içərisində yaşayır, məsələn, bu günki Donbas bölgəsində, Ahıska türklərilə birlikdə. Bunların bir qismi təkrar vətənə köç etdirilib, bu günə qədər təxminən 3 min qarapapaq Ərzrum bölgəsinə yerləşdirilib. Sulduz bölgəsində isə bunlar Şah İsmayıl və ondan sonra Abbas Mirzə dövrlərində o bölgəyə yerləşdirilib, Türkmənçay müqaviləsindən sonra. Və bölgədə qarapapaqlar öz mədəniyyətlərini heç itirməyiblər. Təxminən 80-ə yaxın kənddə yaşayırlar. Xalq ədəbiyyatçısı və şairlər bununla əlaqədar bizlə ünsiyyət qururlar.

– Sulduzlular müstəqil araşdırma aparırlar.

– Təbii. Bunların da Azərbaycanla, Azərbaycan türkləri ilə bağları var. Birlikdə ortaq kitab, jurnal çıxarırlar. Biz Azərbaycan Yazıçılar Birliyi, Gənc Yazarlar Birliyi, Ziyalılar Birliyi ilə əlaqə qurduğumuz zaman Sulduz bölgəsindəki şairləri təsbit etdik. Bu şairlərin bir qismini Tataristana apardıq, bir qismini İstanbulda apardıq, mədəni tədbirlər təşkil etdik. Alimlərdən Azərbaycandan Məmməd Kamaloğlu, Gürcüstan-Borçali bölgəsindən Tahir Şahbazov, Kərəm Məmmədov var, bu mövzuda araşdırma aparmış, yazılar yazmışlar. Eyni ailədən gəlirlər onsuz da.

– Mən Sulduzda, Güney Azərbaycanda oldum. Sulduzda, bilirsiniz, qarışıq millətlər çoxdur: kürdlər var, türklər var, Azərbaycan türkləri var, farslar var. Və bunların arasında “Sülh quşu” dedikləri bir insan var: Məhərrəm Pərizad. Mən onunla da görüşdüm.

– Hal-hazırda ən aktiv olan odur. Türkiyə ilə də çox yaxın əlaqələri var, gəlib-gedir.

– Yaxınlarda İstanbulda Dünya Qarapapaqlarını bir araya gətirən I Qurultay keçirildi. Bu, çox əhəmiyyətli və böyük bir hadisədir. Birinci, bu, ilk qurultay oldu və Türkiyədə oldu. Bu Qurultayla bağlı danışmağınızı istəyərdik. Bunun davamı gözlənilirmi?

– Dünya Qarapapaq Türkləri Qurultayında qarapapaqlar yaşayan bütün bölgələrdən, onlarla birgə yaşayan qardaş birliklərdən biz şairləri, yazıçıları, alimləri İstanbulda qarşıladıq. Bunlar bir-birlərini tanıdılar, bir-birləri ilə qaynayıb-qarışdılar, bir-birləri ilə gələcəkdə nə edəcəklərilə bağlı ortaq layihə ortaya qoydular. Biz bundan sonra qarapapaq-tərəkəmələrlə əlaqədar ortaq tarix kitabı, ortaq ədəbiyyat kitabı, bunların toplanması mövzusunda və problemlərini düşünürük. İran – Güney Azərbaycanda, Gürcüstanda, Kazaxıstanda, Stalin dövründə sürgün edilmiş Qırğızıstanda, Özbəkistanda, Rusiyada, Dağıstan bölgəsində kumuklarla birgə yaşayan qarapapaqların problemləriylə əlaqədar da biz ortaq bir perspektiv qoymağa, meydana gətirməyə çalışırıq. Bunlar necə həll edilə bilər? Bunlar bir-birləri ilə necə qaynaşa bilir?

Bilirsiniz ki, şifahi ədəbiyyat çox inkişaf etdiyi üçün, xüsusən, Sulduzdakı İran Azərbaycanında və Gürcüstandakı qarapapaqlarda, hekayələr, mani (bayatı), deyişmələr çox çoxdur. Türk mədəniyyətini, dilini çox yaxşı qoruyan, o mədəniyyətə kənar təsirlərin çox az olduğu bir birlikdir bu qarapapaqlar. Hətta mən bəzən belə deyirəm ki, bunlar Göy türklərin, Hunların nəvələridir. Göy türk və Hunlardan qalma ənənələrini, mədəniyyətlərini saf bir şəkildə qoruyan birliyə aid edirəm onları. Əslində mən çox şey öyrəndim onların ədəbiyyatlarını, dillərini, tarixlərini araşdırarkən. Türklərə xas bir çox mədəniyyəti ilk dəfə bunlarda gördüm. Dil xüsusiyyətləri, ata sözləri və manilər (bayatılar) çox əhəmiyyətlidir. O ata sözlərini oxuduğunuz zaman türklərin ümumi yaşayışı, mədəniyyəti, ana, ata, uşaq, nənə, baba və böyüklərlə olan ünsiyyətinə dair çox əhəmiyyətli məlumatlar əldə edirik. Əslində mən bununla əlaqədar kitab da yazdım. Yayda Borçalıda keçiriləcək, qarapapaqların qatılacağı mərasimə bunu çatdırmağa çalışıram və yetişdirəcəyik deyə ümid edirəm.

– Sizin mani dediyinizə Azərbaycanlılar bayatı deyir. Onlar sazı da çox yaxşı qoruyurlar, bir də yallıları. Qarapapaqlarda yallıların bütün növləri yaşayır. Məhərrəm Pərizad dedi ki, “İlin hər gününə düşən bir yallımız var”, yəni 365 yallı. Bunları qarapapaqlar qədər qoruyan, deyərdim ki, ikinci türk soylu bir birlik yoxdur. Bunlar çox sürgün edildikləri üçün bunlarda daha çox həsrət, nisgil var. Köç ədəbiyyatı da şifahi xalq ədəbiyyatına əks olunur. Yəni bunların hər biri tarixi bir sənəd, qaynaqdır.

– Doğrudur. Aşıqlıq ənənəsi qarapapaqlar içərisində çox məşhur və əhəmiyyətlidir. Ənənə nəsildən nəsilə keçib. Ruslar sürgün edib, Osmanlı-İran döyüşlərində, torpaqlarındakı mübarizələrdə yerlərini dəyişdirmək məcburiyyətində qalmışlar. Bu köçlər əslində onlara sahib olduqları mədəniyyəti, tarixi başqa bölgələrə daşımalarına və öz içlərində bir-birlərinə daha çox sıx bağlı olmalarına səbəb olub. Aşıq ədəbiyyatının, saz-qopuz mədəniyyətinin inkişafında rolları böyükdür. Ərəb mədəniyyətindən, fars mədəniyyətindən, rus mədəniyyətindən bunlar çox az təsirləniblər. Qarapapaqlarda İslamiyyətə qədərki türk mədəniyyətinə dair də çox izlər tapa bilirik, İslamiyyət sonrası da. Qafqaz, Orta Asiya, Qızıl Ordu, Səlçuqlu, Osmanlı, Azərbaycan xanlıqları dövrlərinin hamısının təsirlərini, izlərini qarapapaqlarda tapa bilirik. Bu səbəbdən qarapapaqlar çox əhəmiyyətlidir. Bunlar sayəsində öz mədəniyyətimizə də sahib çıxmış oluruq.

– Biz qarapapaqların daha çox mədəni tərəfindən danışdıq. Amma bilirik ki, qarapapaqlar bütün dövlətlərin hərbi gücü olmuşlar. Mən istəyərdim ki, onların qəhrəmanlıq tərəflərindən də bir az danışaq.

– Bunlar (xüsusilə Nəqşibəndi) dini təsəffüvə əhəmiyyət veriblər. Qatı bir İslamiyyəti mənimsəməsələr də, İslamın özünü yaxşı anlamışlar. Kiçiklikdən etibarən ata minməyi öyrəndikləri, köç və dinc həyat sürdükləri, yaxşı yetişmiş döyüşçü olduqları üçün həm Səfəvilər dövründə, həm Qafqazda, həm Osmanlıda, həm də Rusiyada bunları öz tərəflərinə çəkmək kimi yarış olub. Amma əksəriyyət baxımından bunlar Osmanlının ön gücü olan sərhəd boyunu qoruyan atlı birliklərini meydana gətiriblər. Xüsusilə Mehrəli bəyin Rusiya-Osmanlı döyüşündə böyük qəhrəmanlıqları var. Prutlu Kamil Ağanın da həmçinin. II Əbdülhəmid dövründə Osmanlı hakimiyyətində Hamidiye alayları qurulur. Onlarla birlikdə ruslara qarşı və öz içərisindəki üsyan edənlərə qarşı döyüşdükləri zaman Mehrəli bəy özbaşına hərəkət edir. Bölgənin valiləri, idarə edənləri Mehrəli bəyin özbaşına hərəkətlərindən rahatsız olur, ondan şikayət edir, padşaha məktub yazırlar. Padşah da deyir ki, “Mehrəli bəy mənim aslanımdır. Ona kimsə bir şey deyə bilməz. O nə deyirsə, nə istəyirsə, onu edə bilər”. Sonralar o, II Əbdülhəmidin tapşırığı ilə Osmanlı tərəfindən Yəmənə döyüşə gedir, müharibədə həyatını itirir. Bunlar, sözünün əri, sözündə duran, öz soylarına, mədəniyyətlərinə ölümünə bağlılıq duyan, səmimi, bir-birlərilə ünsiyyəti doğru olan, dürüstlükləri, çalışqanlıqları ilə bölgədə və tarixdə tanınmış bir türk birliyidir. Bu səbəbdən bunlara çox əhəmiyyət verilməyə, maraq duyulmağa başlanılıb. Xüsusilə, Türk mədəniyyətinə dair saf və öz qaynaqları öz bünyələrində saxladıqları digər türk birliklərində da marağı artırıb.

– Təbii ki, onların gücü öz ənənələrini qorumalarındadır. Qarapaqlar Qurultayını bu dəfə İstanbulda etdiniz. Bu mərasimi bu dəfə Gürcüstanın paytaxtı Tiflisdə, ya da İranda, Cənubi Azərbaycanın əsas şəhəri Təbrizdə etmək istəyirsiniz.

– Biz bir də Türkiyə Yazarlar Birliyi ilə birlikdə Şairlər Qurultayı edirik. Bu Şairlər Qurultayında hər türk boyundan bir-iki adam olmaqla dünyanın hər yerindən 100-ə yaxın şairi bir araya gətirir, yığıb tanıtma fəaliyyətləri edirik.

Gürcüstan bölgəsi tarixdə çox acı çəkib. Xüsusilə bu bölgədə yaşayan türk birlikləri yerlərindən olub, sürgün ediliblər. Yenə Güney Azərbaycandakı Təbriz bölgəsində yaşayan türklər türk mədəniyyətini ən yaxşı qoruyan bölgə olaraq əhəmiyyətli bir ünsürə sahibdirlər. Şifahi ədəbiyyat burada da çox inkişaf edib. Biz Gürcüstan, Təbriz, Tiflis əlaqəli Borçalı, hansından icazə ala bilsək, hansında vəziyyət uyğun olsa, orada geniş mərasim təşkil etmək istəyirik.

– Bu mərasimi bu dəfə İran – Cənubi Azərbaycan ərazisində etsəniz, gözəl olar, çünki, bilirsiniz, orada 30 milyondan çox türk var, Azərbaycan türkləri. Bu yerlərdə bu tədbir bir hadisə olar.

– 21 martda qarapapaqlar Bursada Novruzda bir araya gələcək. Bütün Türkiyənin hər yerindən və xaricdən qatılan qarapapaqlar Bursa Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə çox böyük bir Novruz mərasimində iştirak edəcək, bu sahədə öz mədəni fəaliyyətlərini və Novruza dair ənənələrini göstərmək imkanı qazanacaqlar. Dediyiniz kimi, Təbrizdə təşkil etmək biz də istəyirik, amma bizim əlimizdə olmayan bəzi şeylər var. İran dövlətilə olan danışıqlar, onların verəcəyi icazələr, dəstəklər bizim üçün çox əhəmiyyət daşıyır. Çünki biz dünyanın hər yerindən o qədər çox qonaq aparırıq ki, onların qalacaqları yer, iaşelerinin qarşılanması, rahat olmalarına çox önəm veririk. Hamısının xərcini biz özümüz qarşıladığımız, ödədiyimiz üçün bunlar da əhəmiyyətlidir.

– Çox təşəkkürlər, Saleh bəy.

Kaynak: http://www.trt.net.tr/azerbaycan/proqram/2016/03/08/novb-ti-qurultayi-t-briz-s-h-rind-etm-k-ist-yirik-salih-yilmaz-446955#.VuFGPkRTZpU.facebook

YENİ HABERLER

YORUMLAR

Henüz hiç yorum yapılmamış.

YENİ HABERLER

Copyright © 2024. Rusen.Org | Ankara Türkiye