Avrasiyaçılıq nədir? Türk-slavyan birliyi realdırmı?

20 Şubat 2017, 14:28

“Avrasiyaçılıq ideyası real əməkdaşlıq üzərində qurularsa, mədəniyyətlərin də qarşılıqlı zənginləşməsinə zəmin yaradar”, S.Yılmaz.

Avrasiyaçılıq nəzəriyyəsi ideoloji konsepsiya olaraq hələ XX əsrin əvvəllərində formalaşıb. Əsasən rus filosoflarının ortaya qoyduğu bu ideya türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsini və Qərbə qarşı real güc olaraq ortaya çıxmasını özündə təcəssüm etdirməkdə idi.

Bu gün isə qarşıya belə bir sual çıxır: Avrasiyada türk-slavyan birliyi realdırmı? Türklər və ruslar ortaq mədəniyyət meydana gətirə bilərmi?

Bu barədə Ankaradakı İldırım Bəyazid Universitetinin professoru Salih Yılmazın fikirləri maraqlıdır:

“Avrasiya coğrafiyasında zaman-zaman müxtəlif millətlər iç-içə yaşamışlar. Avrasiya mədəni sahə kimi Bizans, yunan (Ellin), türk-tatar və rus mədəniyyətlərinin birləşməsilə meydana gəlib. Avrasiyaçılıq nəzəriyyəsinin ötən əsrin əvvəllərində Rusiyada meydana gəlməsi tarixi proseslərlə bağlıdır. Sovetlər birliyinin təşəkkül tapması ilə bu nəzəriyyənin də yayılması müxtəlif xalqları bir dam altında toplamaq ideyasından irəli gəlirdi. SSRİ dağılandan sonra Rusiya avrasiyaçılıq nəzəriyyəsini yenidən gündəmə gətirdi ki, bu da yenə dövr və tarixi gedişatla bağlıdır. Rus avrasiyaçılığı sovetlərin süqutundan sonra qurulan MDB strategiyasının müvəffəqiyyətsizliyə uğramasından sonra ortaya çıxan yeni bir ideyadır. Bu ideyaya meyl edən ölkələr Rusiyanın təşviq etdiyi Avrasiya Birliyini beynəlxalq terror, narkotik ticarəti və qaçaqçılıq kimi beynəlxalq miqyaslı problemlərlə birgə mübarizə aparan güc kimi görürlər. Bu baxımdan Türkiyə, İran, Gürcüstan, Ukrayna, Azərbaycan və Özbəkistan bu strategiyanın reallaşması üçün həlledici ölkələr, yaxud qırılma nöqtələridir.
İndi Rusiyada bəzi nəzəriyyəçilər Türkiyənin də içində olduğu bir Avrasiya strategiyasını önə çəkərək “ortaq mədəniyyət”ə vurğu edir, Türkiyə ilə Avrasiyada əməkdaşlıq qurulmasının lazım olduğunu irəli sürürlər. Bu da müsbət bir tendensiyadır. Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin əksəriyyəti müsəlman (Orta Asiya respublikaları) ölkələridir.

Rusiyada son vaxtlar “Türk-slavyan birliyi” nəzəriyyəsi də müzakirə edilir, Avrasiyaçılığın uğur qazanması üçün türk və slavyan xalqlarının birlikdə hərəkət etmələrinin vacibliyi vurğulanır. Təbii ki, bunu istəməyən böyük güclər də var.

Avrasiya dedikdə coğrafi deyil, mədəni birliyin hədəf edildiyi düşünüldüyündə bu birlik ancaq türk və slavyan xalqlarının ortaq məqsəd ətrafında birləşməsini müvəffəqiyyətlə başa çatdıra bilər. Avrasiya mədəniyyətinin ən əhəmiyyətli təyinedici ünsürünün Turan (türk) xətti olduğunu nəzərdən qaçırmamaq lazımdır.

Sual doğur: həm Rusiyanın, həm də Türkiyənin təmsil olunduğu ortaq bir Avrasiya Birliyinin qurulması mümkündürmü? Bu, mədəniyyətdə hansı üstünlüklər, imkanlar aça bilər?
Mən deyərdim ki, Qərb (Avropa) ilə Şərq (Asiya) arasında körpü olan Avrasiyadakı birliklərin təmsilçiliyini Türkiyə və Rusiya edə bilər. Bu iki ölkənin təkbaşına hərəkət edəcəyi bir Avrasiyanın təsiri də istənildiyi ölçüdə olmayacaq.

İndiki vaxtda Avrasiya dünya hakimiyyəti üçün ABŞ, Rusiya və Çinin mübarizə sahəsidir. Türkiyə, İran və Hindistan da bu mübarizəyə zamanla daxil olub. Türkiyə-Qafqaz və Orta Asiya türk respublikaları həm sahib olduqları yeraltı zənginlikləri və neft qaynaqları, həm də enerji nəqliyyat xətləri baxımından bir çəkişmə bölgəsidir.

Bu bölgə əsasən türk və qohum xalqların yaşadığı coğrafiyadır. Amma bu bölgələrdən Türkiyəni uzaq tutmağa çalışan dairələr var. Rusiya da bunu gördüyü üçün Türkiyə ilə Avrasiya rəqabətinə girməkdənsə, əməkdaşlıq edərək ortaq bir Avrasiya Birliyi damı altında birləşməyə dair planları müzakirə etməkdədir.

Türkiyənin Rusiyada yaşayan türk xalqları ilə ünsiyyət və əməkdaşlığı artırması lazımdır. Bir vaxt Rusiya bunu özü üçün təhlükə olaraq görərək Türkiyəni bu xalqlardan uzaqlaşdırmağa çalışıb. Amma iki ölkə bir-birinə olan bağlılıqlarını daha yaxşı anlamış və əməkdaşlığa yenidən dönmüşlər.

“Rusiya Avrasiyaçılığı” və ya “Türk Avrasiyaçılığı” təkbaşına dünyada ayrı bir qütb meydana gətirə bilməz. Ancaq bu iki nəzəriyyə ortaq məqsədlər ətrafında birləşə bilərsə, dünyada güclü bir qütb doğula bilər. Bu əməkdaşlıq hər iki cəmiyyətə güc qatıb rifahı artırar və təbii ki, mədəniyyətlərin də qarşılıqlı zənginləşməsinə zəmin yaradar.”

Kaynak: http://www.trt.net.tr/azerbaycan/aktual/2017/02/20/avrasiyaciliq-n-dir-turk-slavyan-birliyi-realdirmi-676129

YENİ HABERLER

YORUMLAR

Henüz hiç yorum yapılmamış.

YENİ HABERLER

Copyright © 2024. Rusen.Org | Ankara Türkiye