Qarabağ münaqişəsi yaxın vaxtlarda həll olunacaq
Hazırda Bakıda ADEX-2016 müdafiə sənayesi sərgisi keçirilir. Bu təbiidir və orada çox sayda ölkənin istehsal etdiyi müxtəlif hərbi təyinatlı məhsullarla təmsil olunması da başadüşüləndir. Amma Rusiyanın 300-dən çox hərbi məhsulla sərgidə özünə yer tutması daha maraqlıdır. Özü də hansı məhsullarla, ən müasir döyüş gəmisi,hücum helikopterləri, son model qırıcılar, yeni nəsil tanklar, raket və artilleriya qurğuları ilə… Bütün bunlar son vaxtlar bir-birini əvəz edən hərbi təlimlərdən sonra, xüsusilə bölgə ölkələrinin insanlarını ciddi düşündürməyə bilməz. Bu açıq güc nümayişidir və dünyaya təhdiddir. Bu mənim fikrimdir, bəz mütəxəssislər nə deyir bu barədə? Ankarada yerləşən Yıldırım Bəyazid Universitetinin professoru Salih Yılmazla söhbətləşib, fikirlərini almağa çalışdım. Gəlin tarixçi-alimin dedikləri ilə müsahibəmizdə tanış olaq:
– Bakıda keçirilən ADEX-2016 Beynəlxalq Müdafiə Sənayesi sərgisi, gördüyümüz kimi, Rusiyanın yeni silah tanıtım yarışına səhnə olmaqdadır. Rusiya burada silah satışına dair çox vacib müqavilələr imzalamağı planlaşdırıb. Məlumat verirlər ki, ruslar ADEX-2016-da 300-dən çox hərbi təyinatlı məhsul sərgiləyir. Xüsusilə hərbi gəmilər, helikopterler, müxtəlif mənzilli və təyinatlı raketlər, hücum qırıcıları, tank və sairlə dünyaya mesaj verir. Nədir bu mesaj? Kreml bununla NATO-nun Şərqi Avropa və Qafqaz coğrafiyasında keçirdiyi hərbi təlimlərə cavab verməyə çalışır. Yadınızdadırsa, Rusiya Xəzər dənizindən Suriyaya raket atmışdı və bununla da hərbi imkanlarını diqqətə çatdırmaq istəmişdi. Bundan əlavə, ötən il sentyabrın 30-da Suriyaya müdaxiləsindən bu günədək silah satışına dair 50 milyard dollarlıq sövdələşmə imzalayıb. Bütün bu silahlar Rusiyaya özünü təhlükəsiz hiss eləməsi üçün lazımdır. Bu gün Moskva hər an Ukrayna və ya Krım üzərindən hücuma məruzqalma qorxusu altındadır. Bu səbəblə də 2014-cü ildə Krımı ilhaq etdiyi gündən bəri ora böyük həcmdə strateji hərbi qüvvələr cəmləyib.
– Yəqin bilirsiniz ki, Moskva sentyabrın əvvəllərində çox geniş hərbi təlim keçirmişdi. Avropa ilə münasibətləri korlandığı halda Qafqazda güc sərgiləməsi Rusiyaya nə qədər lazımdır? Yəni təhlükə Qərbdəndirsə, niyə təlimləri güney sərhədlərində keçirir? Bəlkə hədəfi Türkiyə, yaxud da İrandır…
– Güman ki, siz Rusiyanın 5-10 sentyabr tarixlərində keçirdiyi Qafqaz-2016 təlimini nəzərdə tutursunuz. Bəli, dünyanın hər yerində geniş rezonans doğurdu rusların bu addımı. Səbəb də bu idi ki, Rusiya son 25 ildə belə böyük təlim keçirməmişdi. Rusiyanın avqust ayından başlayaraq Qafqazda keçirdiyi təlimlər Türkiyəni də maraqlandırır. Amma bu hadisəni qiymətləndirərkən bir suala cavab tapmaq lazımdır: bu qədər böyük təlim keçirməyə ehtiyac vardımı? Təlimdən öncə NATO və müttəfiqlərinin fəaliyyətinə işıq salmaq lazımdır. İyulda Varşavada toplanan NATO zirvəsindən əvvəl Polşa və Litvada adıçəkilən təşkilatın 1989-cu ildən sonra ən böyük hərbi təlimi keçirilmişdi. İyunun 1-dən 17-dək davam edən həmin təlimdə Türkiyə də daxil olmaqla 28 dövlət iştirak eləmişdi. Hətta NATO-nun üzvü olmayan Ukrayna, Gürcüstan, Finlandiya, Makedoniya və Kosovonun da təlimə qatılması Rusiyanı özündən çıxarmışdı. Əslində “Anakonda” adlandırılan bu təlimin məqsədi Krım kimi hibrid müharibələrə hazırlaşmaq idi. NATO eyni zamanda Baltık dənizində döyüş gəmiləri, 160 qırıcı və helikopter, 40 minlik canlı qüvvənin iştirakı ilə “Baltops-2016” təlimi də keçirmişdi ki, bu da birbaşa Moskvaya xəbərdarlıq idi. NATO-nun birinci məqsədi Rusiyanı mühasirəyə alaraq, təsirsizləşdirmək idi. Məsələn, NATO zirvəsində qərara alınmışdı ki, Almaniya və Britaniya Polşa və Baltikyanı ölkələrdə 4 minlik hücum qüvvələri yerləşdirsin. Eyni zamanda, Almaniya Rusiya ilə strateji tərəfdaşlıqdan imtina etdi, Estoniya Patriot raket sistemini öz ərazisində yerləşdirməsi üçün NATO-ya müraciət elədi ki, bunlar rusları açıq-aşkar əndişələndirdi.
– Burada konkret olaraq ABŞ-ın rolu görünürmü?
– ABŞ əslində proseslərin əsas iştirakçısıdır və NATO-nun vasitəsilə eynən SSRİ kimi, Rusiyanı mühasirəyə alaraq xarici dünyadan təcrid etməyə çalışır. Bu məqsədlə Litvada siber mübarizə mərkəzi, Rumıniyada NATO bazasının genişləndirilməsi və sair kimi addımlar atıb. ABŞ Rusiyanın xarioci iqtisadi əlaqələrini məhdudlaşdıraraq, onu kənardan asılı vəziyyətə salma siyasəti yürüdür ki, buna müəyyən mənada nail olub. Amma ruslar Amerika tərəfindən hibrid hücuma məruz qaldıqlarını tez başa düşdülər. Ona görə də geri çəkilərək Türkiyə kimi ölkələrlə əlaqələrini normallaşdırmağa, İsrail, İran, Çin və sair ölkələrlə münasibətlərini yaxşılaşdırmağa başladılar.
– Bayaq qeyd elədiniz ki, “Anakonda” təlimi ilə Qərb Rusiyaya mesaj verirdi və bu təılimdə Türkiyə də iştirak edirdi. Amma buna baxmayaraq ruslar öz maraqları üçün Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq qərarı aldılar. Burada təzad hiss eləmirsinizmi?
– Rusiyaya görə, “Anakonda”nın hədəfi tək Rusiya deyildi – Çin, İran və Türkiyə də bu siyasətin hədəflərindəndir. ABŞ Rusiyanı təcridetmə siyasəti çərçivəsində Avropa Birliyindən dəstək alaraq, Moskvanın nüvə qüdrətini zəiflətmək üçün Rumıniya, Litva, Estoniya, Türkiyə və başqa ölkələrdə raketdənmüdafiə sistemləri yerləşdirmək istəyirdi. Buna cavab olaraq Rusiya da NATO sərhədlərinə əlavə qüvvələr yerləşdirir, hərbi bazalarını gücləndirir. Elə bu məqsədlə də Polşa və Estoniya sərhədlərindəki bazalara döyüş təyyarələri göndərib, Baltik dənizi sahilindəki Kalininqrada “İskander” raketləri yerləşdirib. Elə “Qafqaz-2016” təlimləri də bu müstəvidəndir. Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov da demişdi ki, bu təlim ABŞ-a cavabdır.
– Mövzudan uzaqlaşsam da, Krımda keçirilən təlimlərə Moskvadakı hərbi attaşelər dəvət olunmuşdu. Məncə attaşelərin Krımda təlimləri izləməsi yarımadanın Moskava tərəfindən ilhaqını qanuniləşdirib…
– Həmin təlimləri izləmək üçün Krıma 40 ölkədən 60 attaşe təşrif buyurub və dediyiniz kimi, bu, Rusiyanın işğal siyasətini qanuniləşdirmək üçün fürsət idi. Çünki orada indi vəziyyət sabit deyil, yarımadadakı pansionat və otellərin ordunun ixtiyarına verilməsi də sübut etdi ki, təhlükə var. Təlimlərin keçirilməsi də təhlükənin qarşısını almağa hesablanmışdı. Yadınızdadırsa, Qafqaz-2016 təlimlərinin bir hissəsi Donbasda keçirilmişdi. Hansı ki, həmin vaxt Ukrayna ordusunu Donbasa yaxın çevrələrə toplayaraq, döyüşə hazır vəziyyətə gətirmişdi. Bunu deyim ki, Rusiya Krımda keçirdiyi təlimlərlə NATO ilə, Qafqaz-2016 təlimləri ilə isə III Dünya müharibəsinə hazırlaşdığını göstərirdi.
– Qafqazdan söz düşmüşkən, son vaxtlar dostlaşan Rusiya ilə Türkiyə arasından su keçmir. Amma buna baxmayaraq ruslar Qafqaz istiqamətində yenə həyəcanlıdırlar. Sizcə Türkiyə Qafqazda Rusiyaya təhlükə sayıla bilərmi və ya başqa bir bölgə dövləti?
– Türkiyə – Rusiya dostluğunun bundan sonra pozulması mümkün görünmür. Çünki iki ölkə bir-birinə ehtiyac duyur. Rusiya Qafqaz və Qara dənizdən gələ biləcək təhlükənin qarşısının kəsilməsində Türkiyəyə güvənir. Əgər Türkiyə ilə təyyarə böhranı davam etsəydi, yüz faiz NATO bu bölgələrə asanlıqla yerləşəcəkdi. Belə demək mümkünsə, hazırda Türkiyə Rusiyanın cənubunda qoruma qalxanı rolunu oynayır. Bundan əlavə, həm Türkiyə, həm də Rusiya Qərbin Qarabağ münaqişəsindən istifadə edərək Qafqazda vəziyyəti gərginləşdirmək istədiyini gördü. Hətta Qərb Qarabağ münaqişəsi müstəvisində Rusiya ilə Türkiyə arasında müharibə başlamasına çalışırdı. Məncə Qafqazda sülh yaxınlarda bərqərar olacaq. Bu prosesdə Rusiya, Türkiyə və Azərbaycan birlikdə hərəkət edirlər. ABŞ-dan əlaqələndirilən erməni lobbisi Ermənistanda vəziyyəti mürəkkəbləşdirməkdədir. Hətta artıq Sarkisyanın dövlətə nəzarəti itirdiyi söylənir.
– Bu günlərdə xəbər yayıldı ki, Rusiya SU24 hücum təyyarələrindən imtina edib və əvəzində daha müasir SU30-lardan istifadə edəcək. Bu, nə qədər də dost obrazını yaratmağa çalışsaq belə, Rusiyanın gerçək müharibəyə hazırlaşdığını göstərmirmi?
– Rusiya SU24 təyyarələrini ordunun inventarından çıxarmaq barədə qərara çoxdan gəlmişdi. Hətta Suriyaya müdaxilə zamanı həmin təyyarələrdən bir partiyasını Əsəd rejiminə vermişdi. Bundan əlavə, SU30 təyyarələrinə çox sifariş aldı Rusiya. Başda Əsəd rejimi olmaqla, Pakistan, İran və sair ölkələrin SU30-la hərbi hava qüvvələrini təchiz etdiyini görən Moskva özü də eyni addımı atdı. Əslində bu təyyarələr o qədər də manevrlər etmək iqtidarında deyil, amma hava müdafiə sistemi istifadə edilməyən yerlərdə terrorla mübarizədə aşağı maliyyətlidirlər. Rusiyanın əsas zərbə gücünü “MİQ”lər yerinə yetirir.
– Məncə Rusiyanı müharibəyə təhrik edən əsas səbəblər Qarabağ münaqişəsi və Krımın ilhaqından qaynaqlanan Ukrayna ilə münasibətlərin korlanması faktıdır. Sizcə hərbi gücünə güc qatan Moskva bu problemləri həll etməyə təşəbbüs göstərəcək? Ümumiyyətlə,Qarabağ və Krım probleminin hansının məhz Rusiyanın əli ilə həll olunma şansı var?
– Bayaq da dedim: ABŞ və Qərb Krımın ilhaqını bəhanə gətirərək Rusiya iqtisadiyyatını çökdürmək istəyirlər. Bu müstəvidə Rusiyanın Ukrayna üzərindən yolunu qapadılar. Enerji dəhlizi də istifadəolunmaz vəziyyətdədir. Rusiya yaxşı bilir ki, Qərb istədiyi zaman Ukraynadan istifadə edərək onları müharibəyə çəkə bilər. Ona görə də Moskva o bölgəyə ordu cəmləyib. Bu yandan isə, Qərbin Qarabağ oyunu baş tutmadı. Rusiya və Türkiyə bu böhrandan birdəfəlik qurtulmağa qərarlıdırlar. Onlar Qafqazı təhlükəsiz vəziyyətə gətirməyə çalışırlar. Çünki Avrasiya Paktını imzalamaq üçün Qarabağ münaqişəsini həll eləmək lazımdır. Rusiyanın mövqeyi baxımından Ukrayna III Dünya savaşının başlanmasına səbəb ola biləcək risqdir. ABŞ Rusiya ilə Suriyada demək olar ki, qarşı-qarşıyadır. Amma onlar açıq döyüşə girməsələr də, təhrik yolu ilə Ukrayna ilə Moskva arasında başlanması realdır.
– Türkiyədə uğursuz çevrilişə cəhddən sonra Putin və hökuməti Ərdoğana dünyada bənzəri olmayan dəstək verdi. Sizcə Türkiyə ilə bu qədər yaxın əlaqələri olan Rusiyanın Qarabağ kimi türk millətinin ortaq münaqişəsini çözməkdə yardım göstərməsi üçün nə etməliyik? Nə edək ki, Moskva bizi ermənidən daha etibarlı dost olaraq qəbul etsin?
– Əgər iyulun 15-də çevrilişə cəhd baş tutsaydı, onun təsiri həm Rusiyanı, həm də Azərbaycanı vuracaqdı. Ona görə də adını çəkdiyim bu üç ölkə çevrilişə cəhddən dərs aldıqları üçün daha diqqətli davranırlar və bir-biri ilə yaxın təmasdadırlar. Hətta İran da onlara dəstək verir. Qafqaz bölgəsinin təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda çözüləcək. Çünki bu olmasa, NATO həm Gürcüstana, həm də Azərbaycana gəlmiş olacaq. Rusiya bunu yaxşı bilir və ona görə də Ermənistana təzyiq edir.
YENİ HABERLER
YORUMLAR
Henüz hiç yorum yapılmamış.